success closed Loading...

Azərbaycanda zavodları niyə dünən açıb bu gün bağlayırlar? - FOTOLAR

icon datetime27.10.2016 14:16 icon comment0 icon visitor952
shadow

Azərbaycanda bir neçə il öncə açılan fabrik və zavodlar bu gün fəaliyyətini dayandırıb. Bunlara Şamaxıdakı "Star LTD" zavodunu (televizor, soyuducu, kondisioner istehsal edirdi), Mirgəçevirdəki "Kür" komputer zavodunu, Gəncədəki Gəncə Avtomobil Zavodunu (GAZ), Naxçıvandakı Naxçıvan Avtomobil Zavodunu (NAZ) misal göstərmək olar.

Bəs, indi bu zavodlardan nə xəbər var? İstehsal nə yerdədir?

Admiral.az kiçik bir araşdırmada həmin suallara cavab tapmağa çalışıb.

Məlum olub ki, "Star LTD" zavodunda 2013-cü ildə 9 min 500 civarında kondisioner hazırlanıb, ancaq iki il sonra rəqəm 180-ə düşüb. Soyuducu ilə də bağlı istehsal göstəriciləri sonrakı illərdə kəskin azalıb:

2013-cü ildə 3 min 500-dən çox soyuducu istehsal edilmişdisə, iki il sonra bu rəqəm 80 olub. Buraxılan televizorların da sayı öncə 24 mini aşırdısa, ötən il 800-ə enib.

news-detail

Aldığımız məlumata görə, "Kür" komputer zavodu fəaliyyətini tamamilə dayandırıb.

Zavodda 2015-ci ildə cəmi 5 prosessor və monitor buraxılıb, klaviatura və printer istehsalı qeydə alınmayıb.

"Nazlifan”ın istehsalı da xeyli azalıb.

Zavodun nümayəndəsi Polad Sadıqov bildirdi ki, ötən il zavod 749 avtomobil istehsal etmişdisə, bu il bu say 270-dir. P.Sadıqovun sözlərinə görə, zavod ilin sonunadək 400 avtomobil istehsal etməyi planlaşdırır:

"Prezident dövlət məmurlarına yerli avtomobildən istifadə etmələrini məsləhət görəndən sonra zavodda bir balaca irəliləyiş olmuşdu. Çünki ona qədər biz hətta zavodu bağlamaq fikrində idik. Amma yenə də əvvəlki illərə nisbətən istehsal səviyyəsi xeyli azalıb".

news-detail


İqtisadçılar belə hesab edirlər ki, zavod və fabriklərin bu gün istehsalının azalması və ya tamamilə bağlanmasına əsas səbəb dolların bahalaşmasıdır. Çünki bu müəssisələrin çoxu detalları xaricdən alırdı və məhsulu ölkəmizdə yığırdı. O vaxt dolların kursu buna imkan verirdi ki, maya dəyərinə görə müəssisələr rentabelli olsun və keyfiyyətində problemlər müşahidə edilsə də, məhsul istehsal edə bilsin. İqtisadçılar vurğulayırlar ki, həmin müəssisələrin bundan sonra rentabelli olmaq şansı azalıb, çünki xarici valyutanın indiki məzənnəsi detalları baha almağa vadar edir. Bu isə az-çox işləyən zavodların da fəaliyyətini tam dayandırmaq təhlükəsi ilə üzləşdirir.

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, Azərbaycanda neftdən kənar sektorun inkişaf etdirilməsi çox vacibdir və bunun vacibliyi bu gün daha çox hiss olunur. Çünki ölkəyə az dollar gəlir, əksinə ölkədən çoxlu dollar gedir. Buna səbəb idxal məhsullarının çox olmasıdır.

“Elə bu səbəbdən biz yerli istehsalı inkişaf etdirməliyik ki, həm ölkədən kənara çoxlu valyuta çıxmasın, həm də daxili bazarı təmin edə bilək.

news-detail

“Günü-gündən manat ucuzlaşdıqca ölkəyə gətirilən mallar daha baha başa gəlir. Amma daxili istehsal olsa, bunun təsiri olmaz və ya az olar. Bu da daxili istehsalın tərkibindəki xarici komponentlərin sayından asılıdır. Baxın, “Azərsun” yerli istehsaldır, amma dollar qalxdıqca şirkət də məhsullarının qiymətini qaldırır. Çünki bütün komponentlər demək olar ki, xaricdən alınır”, - deyə ekspert vurğuladı.  

Samir Əliyev onu da əlavə etdi ki, bir zavod yaranırsa, qabaqcadan götür-qoy edilməli və onun məhsullarının yerli istehsal olmasına fikir verilməlidir:

“Adıçəkilən zavodlar da bir vaxtlar açıldı və dövlət onlara xeyli vəsait yatırdı. Düzdür, bu müsbət addım idi. Amma onların bu gün dayanmasının səbəbi odur ki, hissələr xaricdən alınır, burada komplektləşdirilir. Xaricdə hissələr bahalaşdıqca, bizdə də bahalaşır. Amma bəzi zavodlarda, məsələn, “Kür” kompüter zavodunda hissələr yerli olsa belə, yenə də biz Çinə, Tailanda rəqib ola bilmərik. Onların istehsal etdiyi kompüterlər həm keyfiyyətli olur, həm də maya dəyəri baxımdan daha ucuz başa gəlir. Ona görə zavodlar tikilməmişdən öncə onun səmərəliliyi, düzgün texniki-iqtisadi əsasları, tələbatı nəzərə alınmalıdır”.

Məsələyə münasibət bildirən İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev deyir ki, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində son illar ərzində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, bir sıra məhsullar üzrə idxaldan asılılıq azalıb:

"Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan sənaye müəssisəsinin yaradılması Azərbaycanda istehsal edilən sənaye mahsullarının çeşidini və rəqabət qabiliyyətliyini artırıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur, bir sıra sənaye mahsulları üzrə Azərbaycan özünü tamin edir. Rəqabətədavamlı sənaye məhsullarının istehsalı və bu sahədə daxili tələbatın ödənilməsi ixracın genişlənməsinə yeni imkanlar açır, Azərbaycanın bir sıra sənaye müəssisələrinin mahsulları xarici bazarlara çıxarılır".

S.Vəliyev deyir ki, təkcə 2015-ci ildə ölkəmizdə 260-dan çox sənaye müəssisəsi yaradılıb:

"Bununla belə, bəzən müəssisələrin fəaliyyətlərinin dayandırılması hallarına da rast gəlinir. İlk növbədə qeyd edək ki, bu cür hallar bütün dünyada baş verir və bu bazar iqtisadi prinsiplərinə uyğun təbii prosesdir".

news-detail
 

Nabat Cəfərova