success closed Loading...

Başsız bədənin uyuduğu sirli qəbir

Onu öldürdükdən sonra başını Tiflisə göndərirlər. Sonra mumiyalanmış baş muzeydə nümayiş olunur.

Bəlkə də çox az adama bəllidir ki, Qafqazın, eləcə də Lev Tolstoyun roman qəhrəmanı olan Hacı Muradın qəbri Azərbaycan ərazisindədir. Dağıstanın Xunzax kəndində anadan olan, milliyətcə avar Hacı Muradın qəbri Qax rayonunun Tanqıt kəndindədir. Lev Tolostoyun əsərində məşhur "Biləcik çöl" deyilən ərazi məhz buradır. Tarixçi Məcid Mehrani qəbrin Hacı Murada məxsus olduğuna əmindir. Onun sözlərinə görə, bu qəbirdə Hacı Muradın başsız bədəni dəfn olunub. Qəbrin Hacı Murada aid olduğunu 1957-1958-ci illərdə Azərbaycanın görkəmli arxeoloqu Məmmədəli Hüseynov da sübut etmişdi. Qəbirdə dəfn olunan şəxsin başsız, eyni zamanda sol ayağının zədəli olması Hacı Muradın qəbri olduğuna dair versiyanı gücləndirir. Həmçinin, döyüşlərin bu ərazidə getməsi və meyitlərin sonradan təhlili göstərir ki, bu qəbir məhz Hacı Murada məxsusdur. İkinci dəfə də 1980-ci illərdə yenidən burada qazıntılar aparılmış, meyit təhlil olunmuş və məzarın Hacı Murada məxsus olması bir daha təsdiqlənmişdi.

Hacı Murad, 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdı. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olub.

1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək, general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur Hacı Murad. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında iştirak edib. 1851-ci ildə bəxti ondan üz döndərir: başçılıq etdiyi Tabasaran yürüşü uğursuzluqla nəticələnir və bundan sonra Şamillə münasibətləri pozulur. Şamilin intiqam alacağından qorxan Hacı Murad həmin il Çeçenistana qaçır və ruslara təslim olur.

Ruslar onun dağlılar arasındakı hörmətindən istifadə edərək onları öz tərəflərinə çəkmək qərarına gəlirlər. Təxminən bir il ruslara xidmət edən Hacı Murad sonradan qaçmağa cəhd göstərir.

Silahdaşları ilə saxlandığı Nuxa (İndiki Şəki) qalasından qacan Hacı Murad Qaxın Tanqıt kəndi yaxınlığında İlisu pristavı kapitan Hacı Ağa və oğlu kornet Əhməd xanın başçılıq etdiyi dəstə və sonradan onların köməyinə gələn Nuxa qalasının komendantı mayor Korqanovun rəhbərliyi altında olan kazaklar tərəfindən mühasirəyə alınır. 11 saata yaxın davam edən döyüşdə Hacı Murad və silahdaşları öldürülür. Onun ölümü də qəribə olub. Öldükdən sonra onu doğrayıb, edam ediblər. Korqanovun əmr ilə başı kəsilir. Çünki Korqanov Qafqaz canişini Varansova sübut etməli idi ki, o, Hacı Muradı öldürüb. Hacı Muradın kəsilmiş başı Tiflisə göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş, sonradan Çar I Nikolayın əmri ilə, görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. Piroqov tərəfindən mumiyalandıqdan sonra Hacı Muradın başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir. Hər il bu muzeyə milyonlarla turist gəlir. Hacı Muradın qəbrinə isə aylarla heç bir turist gəlmir. Əslində isə Mədəniyyət və Turizm Nazirliyi buranı turizm məkanına çevirə və insanları bu tarixi məkana cəlb edə bilər.

Qeyd edək ki, sözügedən bölgə xarici və yerli turistlərin daha çox gəldiyi bölgədir. Ona görə də yaxşı olar ki, məzar və ona gedən yola diqqət ayrılsın.