success closed Loading...

Nizami Kino Mərkəzində türk filminin qala-gecəsi baş tutub

Oktyabrın 26-da Nizami Kino Mərkəzində Türkiyənin istehsalı olan “İkimizin yerinə” filminin qala-gecəsi baş tutub.

Gecədə ekran işində baş rolu canlandıran Serenay Sarıkaya və Zerrin Tekindor iştirak edib.

Pərəstişkarların qoşqulu alqışları ilə qarşılanan artistlər tamaşaçılarla birlikdə filmi izləyiblər.

Ekran əsərindəki hadisələr kiçik qəsəbədə yaşayan və yaşamağın, həyatda qalmağın sirrini axtaran gənc qız Çiçəyin başına gələn hadisələr üzərində qurulub. Dünyaya dair cavabı olmayan sualları olan gənc qızın həyatı, qəsəbəyə yeni gələn ədəbiyyat müəllimi Doğan ilə qarşılaşandan sonra tamam dəyişir. Doğan bu mümkünsüz sevgiyə qarşı dirənsə də, Çiçəyə aşıq olmaya bilmir. Bu iki insan arasında böyük sevgi başlayır.

Rejissoru Umur Turagay, ssenari müəllifi Pınar Bulut olan filmdə baş rolları Nejat İşler və Serenay Sarıkaya canlandırıb. Ekran əsərində, həmçinin Zerrin Tekindor, İştar Gökseven, Merve Çağıran, Aslı Bekiroğlu ve Özgür Emre Yıldırım da çəkilib.

Filmin nümayişindən sonra mətbuat konfransı keçirilib. Paytaxtımızı çox bəyəndiklərini söyləyən qonaqlar film barəsində məlumat veriblər. Bildirilib ki, ekran əsərinin çəkilişləri beş həftə davam edib.

Bakıya ilk dəfə gəldiyini söyləyən Serenay Sarıkaya deyib ki, Azərbaycandan filmə çəkilməklə bağlı təklif alsa çox sevinər.

Sonra jurnalistlərin sualları cavablandırılıb.