success closed Loading...

Hanı qırx beş min manat?

Cəlil Məmmədquluzadə | Məqalə sayı: 5

datetime25.10.2016 16:19 visitor355

Bunu biz bilirik ki, Gəncə quberniyasının aclarından ötrü keçən il Bakıda ianə cəmiyyəti quruldu.

Bunu biz bilirik.

Bunu bizdən savayı dünya və aləm bilir.

Bir ildən artıqdır ki, qəzetlərin hər bir nömrəsini açırsan ki, görəsən təzə xəbərdən-zaddan nə var nə yox, elə qəzeti açan kimi görürsən ki, başdan yekə xətt ilə yazılıb: “Gəncə aclarına bu qədər pul yığıldı”. Hətta övrətlər də qeyrətə gəlib başladılar bir yerə cəm olmağa və aclara pul yığmağa. Hətta bir dəfə də bacılarımız Hacı Zeynalabdin Tağızadənin evinə də cəm olmuşdular. Hərçənd ki, xanımlar dağılandan sonra Hacının gümüş qaşıqları da dağıldılar, amma nə eybi var, Hacının halına nə təfavüt elər?

Qərəz, bir az müxtəsər söyləyək. Biz bunu istəyirik oxucularımıza ərz edək ki, neçə ayların müddətində, nə qədər zəhmətlərdən sonra neçə dəfə bir yerə cəm olub danışmağın, çalışıb vuruşmağın nəticəsi bu oldu ki, milyonçularımızın sandıqlarından, mülkədarlarımızın pul küpələrindən, hacılarımızın kisələrindən və xanımlarımızın qoltuq ciblərindən Gəncə aclarına əvvəl-axır qırx beş min manat pul cəm oldu.

Çox gözəl! Allah bərəkət versin! Qırx beş min manat zarafat deyil. Hərçənd Gəncə aclarına qırx beş yüz min manat da azdır, amma dəxi buna milyonçular, mülkədarlar və tacirlər nə eləsinlər? Məgər beş qəpik, on qəpik yığmaq ilə bu qədər acların qarnını doydurmaq olar? Bir deyillər, beş deyillər: Zəngəzurdan başlamış Gəncəyədək hər yerdən xəbər tutursan, görürsən ki, kəndlilər aclarından naxoşluq tutub qırılırlar.

Və bir də Allahın bəlasını qaytarmaqmı olar?

Hələ sözümüz burda deyil, sözümüz burdadır ki, necə oldu hıqqına-hıqqına yığılan qırx beş min manat?

Yəni necə oldu qırx beş min manat?

Bu sözləri deməkdən heç kəs xəyal eləməsin ki, bəlkə mən ianə cəmiyyətindən bədgüman olmuşam.

Xeyr, mən heç kəsdən bədgüman deyiləm. Ancaq, bir sözdür fikrimə gəlib danışıram.

Doğrudan necə oldu qırx beş min manat?

İndi bir bikar adamın beyninə düşə gedə Bakıda ianə cəmiyyətindən soruşa ki, necə oldu qırx beş min manat, mən burada Tiflisdə otura-otura və cəmiyyətin təbiətindən, məzaqından xəbərdar olmaya-olmaya bu saat deyə bilərəm ki, cəmiyyətin adamları bu sözə nə cavab verəcəklər.

Cəmiyyətin adamları, məsələn, deyəcəklər ki, qırx beş min manatın bir qədərini verdik iki vaqon un aldıq və filan vaxt göndərdik Gəncəyə ki, putu bir manat otuz qəpikdən satsınlar aclara və bir qəpik də onlardan qazanc eləməsinlər. Ondan sonra cəmiyyətin adamları deyəcəklər ki, filan vaxt genə iki vaqon un aldıq və göndərdik ki, putu bir manat otuz qəpikdən paylasınlar Zəngəzur aclarına və bir qəpik də qazanc eləməsinlər. Sonra cəmiyyətin adamları deyəcəklər ki, filan vaxt min manat göndərdik Ağdama ki, paylasınlar aclara, sonra filan vaxt filan yerə filan qədər pul göndərdik ki, paylasınlar aclara, sonra filan, filan, filan.

Amma indi bir bikar və axmaq adam gedə cəmiyyətdən soruşa ki, “mümkündürmü hesab kitablarınıza baxmaq?” – mən burada Tiflisdə otura-otura bilirəm ki, cəmiyyətin adamları nə deyəcəklər; deyəcəklər “necə hesab-kitab?”.

Amma zarafat kənarda qalsın, doğrudan da görəsən necə oldu qırx beş min manat?

Çox əfsus ki, cənab qazi Ağa Kərim ağa and içibdir ki, camaatın işlərinə qarışmasın. Genə keçənlərdə qazi ağa cəmiyyətin işlərinə qarışırdı və bu qarışmaqlıq ilə camaatı xoşbəxt edirdi. Amma heyf ki, indi yaxasını çəkib kənara və bakılıları başıaçıq qoyub.

Doğrudan hələ görəsən necə oldu qırx beş min manat?

Bir neçə gün bundan irəli yolum düşdü Bakıya və ianə cəmiyyətinin üzvlərinin birindən soruşdum ki, necə oldu qırx beş min manat? Mənim bu sözümün cavabında cənab üzv əlini uzatdı arxalığının cibindən bir ovuc köhnə çirkli və əzilmiş kağız-kuğuz çıxartdı və bu kağızların içindən bir neçə poçt və teleqram qəbzi çıxartdı və qabağıma bir çotqa qoyub dedi ki, hesab elə. O dedi, mən saldım, o dedi, mən saldım, o dedi, mən saldım. Axırda zorla-güclə oldu iyirmi min manat.

Dedim: “Hələ tutaq ki, bunlar düzdür, pəs qalanı hanı?” Rəfiq bir az baxdı üzümə, bir papiros çıxardıb verdi mənə və dedi: “Ürəyini sıxma, Allah kərimdir, hər şeyin başı bir səlamətlikdir, bunlar hamısı keçib gedər”.

 

Mozalan.

“Molla  Nəsrəddin”,  19 may,  1907,  N 24.