success closed Loading...

Üç dəfə dirilmək

Tural İsmayılov | Məqalə sayı: 3

datetime04.10.2016 10:20 visitor660

Bəzən oturub düşünürəm ki, görəsən numerologiya nə qədər doğru elmi yanaşma təqdim edir bizə? Elmin insanın mifik təsəvvürləri ilə həmahəng olduğu 16-cı əsrdən sonrakı dövr dünyadakı klassik və qəlibləşmiş təsəvvürləri də bərkitdi. Məsələn,  insana kosmik yanaşmanı önəmli sayan Qərb filosofları “insan kainatın bir hissəsidir” deyəndə tibbə təkan verdi. Təkamülçü tibb anlayışı ortaya çıxdı, kosmosdakı dəyişikliklərin birbaşa insanın fiziki və psixoloji durumu ilə vəhdət təşkil etdiyi ortaya çıxdı. Elm və təsəvvürllər bundan həm qalib, həm də məğlub obrazla çıxdı. Meteohəssaslıq araşdırıldı, revmatizm və uzun illər insanın göy səthindəki maqnit qasırğalarına bioloji reaksiyası müəyyən olundu. Digər tərəfdən astronomiya inkişaf etdi, indi bəşər insanı Marsda süni yaşam koloniyaları salmaq üçün beyinin sərhədlərini keçir. Amma həm də kosmiklik insanın təbiətdən uzaqlaşması ilə nəticələnir, ulduz falı və astroloji “proqnozlar” günlük həyatında fərdin diqqətini yayındırır. Eləcə də numerologiya... Baxıb görürsən ki, rəqəmlərin antoqonizmini izah edən qədim yunan idealizmi, Misir və Çin fəlsəfəsi, təkmil sufizm və hüruflik tarixin böyük bir kandarında illərlə nə qədər anlamsız məsələlərlə məşğul olub. Qərbdə vəziyyət heç də pis olmadı, çünki onlar ulduzlar sisteminin mahiyyətinin həll etməyə çalışdığı kimi rəqəmləri də hesablama sistemlərində öyrənməyə daha çox vərdiş etdilər. Necə ki, bu gün Qərbin ən nüfuzlu media qurumlarında demək olar ki, ulduz falı adlı nəsnəyə yer verilməzkən, Şərqdə nüfuzlu media qurumlarının astroloji proqnoza həsr edilən böyük bir səhifəsinə rast gələ bilərik. Eləcə də rəqəmlərin rasionalizmlə əlaqəsini təhlil edən alimlərdən fərqli olaraq müsəlman Şərqində hələ də “altı şeytan rəqəmidir”, “yeddi rəqəmində ilahi bir anlam var” inancı möhkəmdir. Bəli, Qərbdə də bir çox kult “şeytan çıxarma” və qorxu filmlərində altı rəqəmi ilə manipulyasiya olunur, məqsəd şüurların ciddi məsələlərdən yayındırılmasıdır, amma fizik və yaxud filosofun da bu məsələlərə ilişib qalması həqiqətən düşündürməlidir bizi.

Elə bu barədə düşünərkən anladım ki, bizdə də atalar həmişə üçdən deyir. Hə, bir də həmişə nağıllarımızın sonunda göydən üç alma düşür. Nağıl danışan yəhudi əsilli nənəmə dəfələrlə uşaq olanda sual verirdim ki, niyə məsələn, göydən dört alma düşmür? Bəlkə almanın biri də ikinci dinləyici üçün olmalı idi. Axı adətən bacım da o nağılları dinləyirdi. Bu suala heç vaxt cavab verilmədi.

Birinci kursda oxuyurdum, Şərq mifologiyası barədə araşdırmalar etdiyim vaxtlar idi. Bir dəfə müəllimlərimdən biri ilə mübahisə də düşdü. Dedim ki, atalar niyə iki dəfədən deməyib? Sonra bir tərəfdən tək olan anlayışlar niyə neqativ və pozitiv düşüncələrin qarmaqarışıqlığından ibarətdir? Dini dünyagörüşümüzdəki Allah həm də tək olandır. Bir tərəfdən tək rəqəmlər düşərsiz və uğursuz sayıılır. Cavablar heç vaxt alınmadı. Antik yunan əsatirlərində isə məsələ aydın idi, burada babalar heç neçədən demir, göydən beş naringi düşmür. Ona görə də, Aristotel elmləri ilk dəfə təkmilləşdirəndə Şərqdə idealst fəlsəfə və doqmatizm insanları cənginə alırdı. Halbuki, Qərb insanı da əlində olanları qoruya bilmədi. Səbəb nə idi? Qədim düşüncə və fəlsəfi fikir məktəbi olan Qərb orta əsrlərdə doqmatik dini və siyasi sitemlərin basqılarına məğlub oldu. Fəlsəfədən uzaqlaşma kültürün adiləşməyinə, kültürün adiləşməsi rasionalizmin qalıqlarının sıradan çıxarılmasına səbəb oldu. Şərqn ən böyük rasionalist mübarizə tarixində isə peripatetiklər yer alırdı, onlar da məğlub oldu. Nəticədə olan renessansdan sonraya qaldı. Elmi və mədəni dirçəliş Avropada insan azadlığına səbəb oldu. Qərb səmanı öyrənəndə Şərqdə sufilər səmazən rəqsi etdi, Şərqin aydınlıq tarixində böyük bir möhürü olan Xürrəmilik hərəkatı siyasi mübarizə tarixində, Həsən Bəy Zərdabinin başlatdığı təkamül məktəbi fəlsəfi sistemdə, Axundovun maarifçi xətti isə ictimai dünyagörüş cəbhəsində lokal bir simadan qurtula bilmədi. Azərbaycan adını Şərq fəlsəfəsinə qazısa da, mümkün olmadı ki, bütöv Şərq mənəvi doqmatizmdən xilas olsun. Rasionalizm Qərbin intibahı ilə bərabər onun işğalçı və istismarıçı imicinə çevrildi, Şərq isə qaranlıqdan çıxa bilmir. Azərbaycan, Türkiyə kimi rasionalist ənənəyə malik ölkələr isə bütöv coğrafi bölgü üçün ölçü deyil. Bəli, Qərb imperilaistdir, Qərb Şərqi qarışdırır, Qərb Şərqin inkişafından qorxur, Qərb qütbləşmiş Yer kürəsi həqiqətini Berklidən sonra ictimai şüurunda zehin hadisəsi hesab edir, amma qalxmaq, oyanmaq, ən sadə hadisələrə belə əqli təfəkkür meyarlarından baxmaq zamanı çoxdan yetişib.

Bir tərəfdən mən də düz etmirəm, yaxşı deyək ki, düşünə bilərsiz ki, ataların nə deməyinin nə önəmi var ki, mən niyə ilin-günün bu vaxtında, Antataraktida buzlaqların kütləvi məhv olduğu, qlobal ekoloji nizamsızlığın vüsət aldığı indiki dövrdə bu məsələlərdən kənarda olan şeylərə baş qoşuram və nəyə dəyər? Con Lokk tezisi burada əbədi işıq kimi ortaya çıxır. “Həqiqi olanlar bizim mental və mənəvi keçmişimizdən qurtulmur.” Yəni, adi məişət səviyyəsindəki söhbətlərimizdə, nağıllarımızda, hətta lap ağ eləsəm, çayxanadakı “deyingənliklərimizdə” belə rasionalizmi axtarmalıyıq. Təsəvvür iradəni yaradır. İradədən mübarizə doğulur. Mənəvi keçmişindən dəmir əllərlə yapışan xalqların keçmişində korrekt düzəlişlər etmə vaxtı da çoxdan çatıb.

Ötənlərdə məşhur anatomiya mütəxəssislərindən  birinin yazısında rast gəlmişdim. Qeyd edirdi ki, insanın doğulma və ölmə anındakı ierarxiya mərhələli prosesdir. Mərhələni isə özünüz adlandıra da bilərsiz. Körpə doğulanda ilk göz açır, sonra gözlərini qırpır və ağlayır. Həyatın başlanğıcı ilk andakı bu üç hərəki funksiyadan törəyir. Eləcə də ölüm anında öncə can verir, sonra rəngin ağarır və gözlərini yumursan. Maraqlıdır. Keyfiyyətlə kəmiyyətin yanaşı izah olunmağının məğzi də məhz buradan qaynaqlanır.

İnsanlıq tarixinin inkişaf və proqress mənzərəsini də elə bu baxımdan qruplaşdıra bilərik. Tarixə sistemli yanaşmaq elmi təfəkkürün imkanlarını genişləndirir. Biz hansısa uzun və keşməkeşli hadisələri öz əqlimizdə bu prizmadan dəyərləndirə bilmərik bəlkə də. Sadəcə fikir sayının nə qədər və neçə, təsəvvür yoxsa təxəyyüldə tətbiq olunmağından asılı olmayaraq ya öldürür, ya yaşadır.

Biz uğursuzluğua düçar olanda da istifadə etdiyimiz və sonrasını düşünmədən qərar verdiyimiz “atalar üçdən deyib” ənənəsinə sadiq qalırıq, amma bəşəriyyətin, yəni hamının mənəvi ataları da yüzlərlə deyib, amma nəticə çıxara bilməyənlər var. Ona görə, bu gün Suriya qan çanağına dönmüşkən, Kanadalı rifah halında yaşaya bilər.

Bir də lap üç dəfə demişkən, birinci Rene Dekart “düşünürəmsə, deməli, mövcudam” dedi. Düşünmək həyatın elementi oldu. Texniki bilgilərin nəfəs və sağlam orqanizmi katalizator saydığı həyat göstəricisində düşüncə də bir yaşayış elementi kimi insan təfəkkürünə yeridildi. Jan Pol Sartrın ekzistensialist fəlsəfədən bütün dünya şüuruna hakim kəsilən “insan azadlığa məhkumdur” möhürü ikinci addım oldu. İnsanın bütün azadlıq istəkləri dərk olunan proses halını aldı, doqmadan, gəlişigözəl təbliğatlardan azad olan təfəkkür fəlsəfəyə qapılarını yenidən açdı. Tomas Hobbs ilə isə son nöqtə qoyuldu, üçüncü addım hüququn anlaşılmasına yönəldi, indi artıq elm, mədəniyyət, ədəbiyyat inkişaf etdi, Bokaccionun qeybətlərindən qurtulan ədəbiyyat Tomas Mor mərhələsinə qədəm qoydu, kilsə akapellalarına təslim olan sxolast musiqi yerini klassik musiqiyə, roka, yeni yaranan hippi tərzlərə buraxdı, tonqala atılan aydınlar yeni üsyankar fikir adamları ilə əvəz olundu, Janna Darkın intiqamı Olimpiya De Quj və Simona De Bovuar ilə Qərbdə qadının möhkəmlənməsi ilə nəticələndi, məişətdəki qadınlar da rasioanallaşdı.

Necə adlandırdığımızdan asılı olmayaraq, nömrələmədən, rasionallıq bütün dünyanın çıxış yoludur, Qərb və Şərq əl-ələ verməsə, yaxın yüz ildə daha göydən almaların düşdüyü nağılların danışılacağı bir dünya da qalmayacaq.