success closed Loading...

Tərs köşə - Son həqiqətən əvvəldən başlayır?

Nərgiz Nənə | Məqalə sayı: 5

datetime15.09.2016 17:45 visitor836

Qürur və ya kin...

İnsanın üzünə gülərək baxıb fəlakətə sürüyən duyğudur. Belinizə bağlanmış daşdır sanki. Onunla nə üzmək, nə də uçmaq olur.

Bir şeyi qazanırsınız. Və həmin an itirdiklərinizi görə bilmirsiniz. Bax, bu.

Ayağınızı pilləkənlərə qoyanda pilləkənlərin "yaş" olduğunu, ayağınızın altından sürüşdüyünü görə bilməməkdir. Əvvəlki səhvlərdən qurtulmaq üçün yenilərə imza atmaqdır, kin.

Güzgüdə özünüzə baxanda "kükrəyən şir" görməkdir. Sonu qaçınılmazdır. Çünki o tragikomik və ya dramatik sonu görə bilmir insan. Çünki kor olur insan, xəstə düşür ruhu. Təkliyə sürükləyir, daha da əsəbi edir, haqq, hüquq, qaydalar adamın öz əli ilə cırıq-cırıq edilib aradan qaldırılır. Çünki hər şeydən üstün odur. Amma həyat belə davam edə bilməz. Mümkün deyil. Davam etsə belə, xərçəng xəstəsindən fərqi olmaz. Ruhu kirli, bədəni gücsüz. Amma möhtəşəmdir, özü üçün...

Eqo o qədər kor edir ki, günahkar eynəklər olur 

Kin başqalarını alçaltmaq, özünü onlardan yüksəkdə görməkdir. Ən başda bu cür davrandıqca onsuz da pozulan cəmiyyətin nizam-intizamı darmadağın olur. Zədələnir. Sonradan bərpa etsələr belə, izlər həmişə qalır. İnsanlar arasında “bərabərlik”, “köməkləşmək” adlı xoş duyğular qalmır. Ən pisi də bilirsiniz nədir? Qürurlanmaq insanın ətrafındakı dostlarını incidir. Bu da yuxarıda dediyim kimi tək qalmaq deməkdir. Onlar dağın başındadırlarsa, sizin haqlı və ya haqsız olmağınız kimisə maraqlandırmır. Onlarla heç kim ünsiyyət qurmaz, dostluq etməz. Ehtiyacınız olanda yanınızda olmazlar. Ki, bunu ağıllı-başlı bütün insanlar bilir.

İki kəlmə bəs edir qəlb qırmağa, sonra roman yazsan, nə fayda?!

Belə insanlarla işləyənlər, eyni evdə yaşayanlar hər gün istəməsələr də, həddindən artıq üz-üzə gəlirlər. Buna məcburdurlar, məhkumdurlar. Özü də sayları elə də az deyil. Biz onları, dərdlərini, çətinliklərini anlayırıq. İnsanoğludur də... Öz mənliyindən ayrıla bilmir. Ona sarılıb “mənəm-mənəm” deməkdən yorulmur. Heç olmasa, öz qabığından sıyrılıb ətrafa bir dəfə sakitcə baxsa... Amma insanoğludur də...

Qalibiyyət həmişə onların olduğu kimi, səhvlər də qaydası ilə onlarla işləyən dostlarınındır. İnsanları təhdid etməkdən, dediklərini onlara təlqin etməkdən qətiyyən çəkinmirlər. Hətta onların geyimləri belə hər kəsdən önəmlidir. Bəlkə özlərindən belə...

Dağlar aşsan, nə fayda?!

Tənqidə qapalı, tərifə isə həmişə açıq olurlar. Onlar üçün uğur bilirsiniz nədir? PUL. Nə qədər çox pul qazansalar, özlərini bir o qədər müvəffəqiyyətli hesab edirlər. Bu, bir az cahil özgüvənin bədənlə bütövləşmiş halıdır. Onların dayanmadan işləyən, mərmisi bitməyən tüfəngləri olur. Ətrafa əmr yağdırmaqdan bezmirlər. Ən pisi odur ki, bu insanların belə özgüvən sahibi olmalarının əsas səbəbi nə vaxtsa kimlər tərəfindənsə aşağılanması olub. Ətraflarında bir-iki yaltaqdan başqa heç kim olmur. Yalnızlığa məhkumdurlar. Təkliyi doyunca yaşayıb ölümə çatanda barmaqlarının ucunda gəzənlərdir, belə insanlar. Özlərini inkişaf etdirmək onlara çox yaddır. Dedikləri eramızdan əvvəl 34-cü ilə aid olsa da, onlar üçün ən düzgünü budur. Ətraflarında ancaq lazım olanda, işləri düşəndə axtaracaqları insanlar olur. Onlarla istədikləri qədər dedi-qodu edib, sonda onları da kağız kimi əzişdirib kənara atırlar.

Və... Başqalarının canının ağrıması, əziyyət çəkməsi onları o qədər xoşbəxt edir ki, əslində ölmüş insan yox, hətta ölü ruh olduqlarını anlamırlar...