success closed Loading...

Övlad həsrəti (Olmuş hadisə)

Leyla Nəzir | Məqalə sayı: 5

datetime14.09.2016 13:46 visitor4003

Təəssüf edirəm, xanım, amma əlimizdən heç nə gəlmir. Siz heç vaxt ana ola bilməzsiniz. Boş yerə ümid etməyin - Həkimin bu sözlərdən sonra uzun-uzadı verdiyi təssəllinin bir kəlməsini də eşitmədi biçarə qadın. Az qala xoş xəbər ümidi ilə uça-uça getdiyi xəstəxanadan çıxanda, sanki hər ayağına bir dəyirman daşı bağlamışdılar. Ağır addımlarla avtobus dayanacağına doğru irəlilədi. Elə bil onun açığına şəhərdə nə qədər hamilə, əli uşaqlı qadın var idi, küçələrə səpələnmişdi. Ətrafdakı hər kəs, hər şey, hətta ağacların pöhrələnmiş budaqları belə sanki sonsuzluğunu üzünə vururdu.

“Sonsuz!!! Boşa bu qaradaban sonsuzu!!! Soyumuzu qurudacaq!!!” – qaynanasının bu nidaları hər dəfə zəhərli ox kimi ruhunu dəlirdi... Qonum-qonşunun gəlinləri qarınları bəlli olana kimi hamiləliklərini ondan gizlədir, analar körpə balalarını onun “nəfsindən” “qorumağa” çalışırdılar.

Sonsuzluğun əzabını ancaq övlad həsrəti ilə tutuşub, yananlar bilir. Sevinc kimilər bilir... Bulud kimi dolmuşdu analıq sevinci gözündə qalan, arzuları ürəyində, təbəssümü dodağında donan Sevincin gözləri... Qaçıb gizlənmək istəyirdi hamıdan... Tənhalığına qapanmaq, gözəgörünməz olmaq... Yox olmaq istəyirdi... Tərslikdən paytaxtın bitmək bilməyən tıxacları onu ləngidir, iztirablarını artıtırdı. Ona elə gəlirdi ki, hamı buna baxır, xosun-xosun sonsuzluğunu müzakirə edirdilər. Maşınların siqnal səsləri də ona körpə səsi kimi eşidilirdi. Havalanmaqdan, ağlını itirməkdən qorxurdu. İri ala gözlərinin bulağı qurumurdu. Kəfkirli qədim saatın taqqıltısı körpə səsindən məhrum, məzara bənzər evinin sükutunu pozan tək sirdaşı idi. Gözlərini tavana zilləyib, key kimi baxırdı. Od kimi qaynar yaş damcıları gözlərindən süzülüb yastığını isladırdı. “Axı niyə mən? Günahım nədir? Allahım, hanı sənin ədalətin? Heçmi üzüm gülməyəcək? Göstər hökmünü, mənə bir nişanə göstər, Allahım!!!”

Için-için ağlayaraq, səssizcə bağıraraq, taqətdən düşüb yuxuya getdi. Kəfkirli saat isə heç nəyi vecinə almadan eyni ritmlə taqqıldayır, zamanı qovurdu... - Üəəəəəəə! Üəəəəəə! Üəəəəəəə! Qulaqlarında cingildəyən səsə yuxudan ayılıb dik atıldı Sevinc. İnana bilmirdi. Körpə səsi idi bu. Qapının arxasından gəlirdi. Bu nə möcüzə idi axı? Taleyin oyunu, yoxsa kiminsə acı zarafatı? Beyni zaman məfhumunu darmadağın edib işıq sürəti ilə çalışmağa başladı. Yatağından sıçrayıb giriş qapısına çatana kimi nə xəyallar qurmadı ki, Sevinc... Taleyinin ssenarisini cızdı.

“Qapının arxasında xarici filmlərdə gördüyü kimi, kimsə səbətin içərisində uşaq qoymuşdu. Artıq sonsuz deyildi, ana idi. Övladının iməkləməyini izlədi, əlindən tutub yerimək öyrətdi, ilk “ana” sözündən kövrəlib ağladı, saçlarını darayıb məktəbə yola saldı, universitet diplomunu bağrına basdı, toyunda çalınan vağzalı səsinə kövrəldi...”Amma qapının arxasında gördüyü mənzərə onu bu xəyallardan oyatdı. Sanki görünməz bir əl qulağının dibindən yandırıcı bir sillə vurdu... Balaca, cılız bir pişik balası gözlərinin içinə baxıb yeni doğulmuş körpə kimi ağlayırdı... - Üəəəəəə... Üəəəəə... Gördüyü mənzərənin şokunda olan Sevinc nə edəcəyini bilmədi. Qapını örtüb yatağına dönmək istədi, amma içində izah edə bilməyəcəyi bir hiss onu saxladı. Bu hadisəni Allahın bir nişanəsi kimi qəbul elədi. Pişik balasını qucağına alıb içəri girdi. Soyuducudan süd çıxardıb bir az qızdırdı. Armudu stəkanın nəlbəkisinə töküb pişik balasının ağzına yaxınlaşdırdı. Balaca südü yaladıqca ürəyinə ümid doldu. Gözlərinin önünə körpəsini əmizdirməsi gəldi. Analıq həsrətindən döşləri göynədi... pişik balasını bağrına basıb, yana-yana Lay-lay dedi və özü üçün şərt kəsdi – bu pişiyin adını övladım qoyacaq... Şirin xəyallara dalıb pişik balasını bağrına basıb yuxuya getdi... Divardakı qədim kəfkirli saat zamanı şövqlə qova-qova eyni ahənglə taqqıldayır, bir möcüzənin olacağına işarə edirdi... - Məstan! Buya cəy! Məstan!

Sevinc bu dəfə yuxudan evi başına götürmüş cingiltili səsə ayıldı. Balaca toppuş qızcığaz otaq boyu dövrə vuraraq, əlləri ilə pişiyin quyruğunu tutmağa çalışırdı. Amma hər dəfəsində Məstan aradan çıxmağı məharətlə bacarırdı. - Ana, Məstan yanıma cəymir... Bu Məstan üç il əvvəl Sevincin ən ümidsiz günündə ona pənah gətirən, qapının arxasında körpə uşaq kimi ağlayan həmin o adsız pişik balası idi. Ona “Məstan” adını verən toppuş qızcığaz isə “sonsuz” diaqnozu ilə damağalanan, lakin Allahdan ümidini üzməyən Sevincin qızı Arzunun səsi idi... Məstanın gəlişindən düz bir il sonra, eyni gündə doğulmuşdu...

Bakı, 17 noyabr 2015-ci il