success closed Loading...

Günümüzə baxış...

Rəşad Sahil | Məqalə sayı: 2

datetime31.08.2016 12:25 visitor617

Yaşadığımız dövrdə baş verən bəzi halları heç cür qəbul eləmək olmur. Gözümüz görə-görə insanlıq adına nə varsa, hamısı küllən zay olub gedir. Təbii, bu prosesin qarşısını almaq istəyənlər var. Amma onlar da tək-tük olduqlarından birmənalı olaraq, gücləri yetmir.

Sən də, mən də, kəsəsi, hamı görür ki, Avropa çöküşə gedən kimi, cəmiyyətimiz də bəzi sahələrdə çox sürətlə məhvə doğru irəliləyir. Bir para adamlar elə bilirlər ki, bu bəlanın gətirdiyi fəsadlar onlardan yan keçəcək. Əminliklə deyə bilərəm: bu cür düşünən insanlar kökündən yanılırlar. Belələri ani həyat hisslərinə qapıldıqlarından ətrafı görmək istəmirlər...

Heç uzağa getməyək, elə özümüzdən götürək. Düşünə bilərik ki, kim nə edirsə etsin, mənə nə. Bəli, ilk baxışda haqlı görünür. Amma gəlin bir az hadisələrə geniş baxaq: bizlər cəmiyyəti saran bəlalardan nə qədər kənar dursaq da, o bəla mütləq gəlib bizi tapacaq. Axı niyə düşünmək istəmirik ki, hansısa çirkab içində olan bir ailədə böyüyən uşaq, tərbiyəli ailədə yetişən uşağa gələcəkdə zərər verməyəcək?! Həmin uşaqlarla bərabər bataqlıqların da çevrəsi böyüməkdədir. Belə olan halda kim zamin dura bilər ki, gələcəkdə bu uşaqlar hansısa formada ünsiyyətdə olmayacaqlar və TƏRBİYƏSİZİN TƏRBİYƏSİZLİYİ TƏRBİYƏLİNİN TƏRBİYƏSİnə sirayət etməyəcək?! Təbii ki, edəcək! Bunlar hansı formadasa bir-birilə ünsiyyətdə olacaqlar, bağçadamı, məktəbdəmi, universitetdəmi, fərq etməz. Bir cəmiyyətdə yaşayıb ünsiyyətdə olmamaq mümkün deyil. Hələ bunların gələcək tale yollarının kəsişməsindən danışmıram.

Bəs nə etmək lazımdır?

Hər bir şəxs düşünmədən, mütləq və mütləq cəmiyyətə munasibətində ailəsinə olan münasibəti sərgiləməlidir. Bu yolda öyrənmək, öyrətmək, ən azından minimum səviyyədə insanlıq xüsusiyyətlərinə sahib olmaq lazımdır. Hər bir Azərbaycan övladını öz övladın biləcəksən, tanıdın, tanımadın, xoş olmayan işlərə girdikdə özününkü kimi durduracaqsan, qayğısına qalacaqsan, problemi ilə maraqlanacaqsan, dərdinə şərik çıxacaqsan, bir sözlə özününkü biləcəksən. Hər bir adam digərinə öyrəndiklərini təlqin etsə, bu halda bizi gözləyən ümumi bəladan qismən də olsa qurtulmuş olarıq...

Latın mütəfəkkirlərindən biri: “DÜŞÜNMƏDƏN ADDIM ATMANIN CƏZASI SONRADAN DÜŞÜNMƏYƏ MƏHKUM OLMAQDIR!” deyir. Yəni, başımız daşdan-daşa dəyəndən sonra.

Adını unutduğum bir başqa mütəfəkkir isə deyir ki, AĞILLI ADAMLAR BAŞQALARININ SƏHVLƏRİNDƏN NƏTİCƏ ÇIXARIR, AXMAQLAR İSƏ ÖZ SƏHVLƏRİNDƏN!

Bu durumda ağıllı kimdi, ağılsız kim, bilmədim.

Ancaq bildiyim tək şey var ki, o da özümüz səhv etmədən başqlarının səhvlərindən nəticə çıxarmaqdır!..

Nə isə. Dərdimiz çoxdur, danışdıqca acı bağırsaq kimi uzanır. Danışmaqdansa, danışdıqlarımıza əməl etsək, daha məqsədəuyğun olar. Bu birmənalı olaraq belədir. Hər birimiz çalışmalıyıq ki, özümüzü bu yönə istiqamətləndirək. Əgər bacarsaq…

Bax belə, nə deyəsən…